Elm və təhsilin inkişafına daim sadiq qalan ALIM Elmi Assosiasiyası, “Ucqar Kimya” layihəsinin uğurla başa çatdığını elan etməkdən qürur duyur! Bu təşəbbüs, ucqar bölgələrdə çalışan kimya müəllimlərini lazımi resurslar və materiallarla təmin edərək onların kimya dərslərini daha effektiv və maraqlı etməyə kömək etmək məqsədi daşıyır.
Elm və təhsildə əlçatanlığın təmin olunması
Keyfiyyətli təhsil gənc nəslin inkişafı üçün mühüm amildir. Lakin ucqar və imkansız bölgələrdəki müəllimlər tez-tez təchiz olunmuş laboratoriyaların olmaması, yenilənmiş tədris materiallarının çatışmazlığı və peşəkar inkişaf imkanlarının məhdudluğu kimi problemlərlə qarşılaşırlar. Bu boşluğu aradan qaldırmaq üçün ALIM “Ucqar Kimya”layihəsini başladaraq müəllimləri ixtisaslaşmış alətlər, interaktiv materiallar və peşəkar təlimlərlə təmin edib.
Ədalətli və şəffaf seçim prosesi
Layihə çərçivəsində müəllimlərin seçimi ALIM tərəfindən hazırlanmış xüsusi qiymətləndirmə çərçivəsi əsasında ədalətli və şəffaf şəkildə həyata keçirilib. Müraciətlər ALIM Elmi Assosiasiyasının dörd nümayəndəsi və ABŞ, Fransa, Azərbaycan və Bəhreyndən olan üç beynəlxalq ekspert daxil olmaqla nüfuzlu mütəxəssislərdən ibarət paneltərəfindən dəyərləndirilib.
Layihənin icraçı və ekspert heyəti:
- Dr. Emil Civişov (ABŞ)
- Dr. Yusif Əfəndizadə (Fransa)
- Dr. Aynur Quliyeva (Fransa)
- Aygün Hüseynzadə (Fransa)
- Ayişə Talıbova (Azərbaycan)
- Dr. Elnur Oruclu (Azərbaycan)
- Rauf Həsənli (Bəhreyn)
Qiymətləndirmə meyarları: Müəllimlərin peşəkarlığı və təcrübəsi – təhsil və tədrisə həvəsli və müasir metodlarla işləməyi bacaran müəllimlərin seçilməsi.
Motivasiya və tədris keyfiyyəti – şagirdləri ruhlandıran və fəal tədris metodlarından istifadə edən müəllimlərin müəyyən edilməsi.
Şagirdlərin praktiki dərslərdə iştirakı – eksperimental öyrənməyə üstünlük verən müəllimlərin dəstəklənməsi.
Məktəblərin ucqar bölgələrdə yerləşməsi – müasir praktiki tədris resurslardan məhrum olan məktəblərin seçilməsi.
Qrant dəstəyinə ehtiyac – maddi imkanları məhdud olan müəllim və məktəblərə üstünlük verilməsi.
Qaliblərlə tanış olun!
Müsabiqə nəticəsində ucqar bölgələrdə kimya tədrisinə xüsusi töhfə verən üç istedadlı müəllim qalib elan edilib: Könül Əsgərova – İ.S. Aznaurov adına Orta Məktəb, Kür qəsəbəsi, Şəmkir rayonu
Zərifə Kamilova – Ümumi Orta Məktəb, Xəlfələr kəndi, Şabran rayonu
Qəhrəman Sadıqov – Tam Orta Məktəb, Samanlıq kəndi, Gədəbəy rayonu
Bu müəllimlərə xüsusi tədris materialları, kimyəvi eksperimentlər üçün laboratoriya dəstləri və ixtisaslaşmış təlim resursları təqdim ediləcək ki, dərsləri daha interaktiv və effektiv keçə bilsinlər.
Baycan Medical-in dəyərli dəstəyi
“Ucqar Kimya” layihəsinin əsas məqsədlərindən biri müəllimlərin təhlükəsiz və səmərəli eksperimentlər keçirmələri üçün yüksək keyfiyyətli laboratoriya materialları və kimyəvi reagentlərlə təmin olunması idi. Bu məqsədlə biz Baycan Medical şirkəti ilə olduqca məhsuldar hesab olunan əməkdaşlıq etdik. Bu şirkət etibarlı məhsulları və təhsil sahəsində sosial layihələrə verdiyi dəstək ilə tanınır.
Baycan Medical-ın xüsusi dəstəyi ilə ALIM Assosiasiyası tərəfindən maliyyələşdirilən “Ucqar Kimya” layihəsi çərçivəsində istifadə edilən bütün laboratoriya avadanlıqları və kimyəvi maddələr Baycan Medical-dan alınmışdır, çünki onların laboratoriya resurslarının təmin edilməsində sübut olunmuş keyfiyyəti və peşəkarlığı mövcuddur. Bu dəstək, layihəmizin uğurlu icrası və daha geniş təsir imkanları yaratması baxımından olduqca əhəmiyyətlidir. Baycan Medical-ın elm və təhsilə verdiyi bu dəyərli töhfə, onların sosial məsuliyyətə olan bağlılıqlarını göstərir və gələcəkdə digər şirkətlərin də bu kimi təşəbbüslərdə iştirak etmələri üçün yaxşı bir təşviq mənbəyi yaradır.
Biz Baycan Medical-in əməkdaşlığını və verdiyi dəyərli töhfəni yüksək qiymətləndiririk.
Dəstək çağırışı: Təsiri genişləndirək!
“Ucqar Kimya” layihəsinin uğuru ucqar və imkansız bölgələrdə təhsil üçün daha böyük investisiyaya ehtiyac olduğunu bir daha sübut edir. ALIM bu təşəbbüsü genişləndirmək və daha çox müəllim və məktəbi dəstəkləmək öhdəliyini götürür.
Sponsorlar, donorlar və təhsil qurumlarını bu missiyaya qoşulmağa dəvət edirik! Sizin dəstəyiniz bizə imkan verəcək ki:
- Daha çox müəllimi kimya tədrisi üçün lazımi materiallarla təmin edək.
- Təhsil proqramlarını genişləndirərək STEM təhsilini inkişaf etdirək.
- Ucqar məktəbləri müasir laboratoriya avadanlıqları ilə təmin edək.
- Gələcəyin alim və innovatorlarını ilhamlandıraq.
Elm və təhsil hər kəs üçün əlçatan olmalıdır!
ALIM olaraq biz inanırıq ki, təhsil bir imtiyaz deyil, hər kəsin haqqıdır. “Ucqar Kimya” kimi təşəbbüslər vasitəsilə bütün şagirdlər üçün bərabər təhsil imkanları yaratmağa doğru mühüm addımlar atırıq.
Bir daha qaliblərimizi təbrik edirik! Onların təkmilləşdirilmiş kimya dərslərinin şagirdlərə verəcəyi müsbət təsiri görmək üçün səbirsizliklə gözləyirik!
Şərhlər